Suriyada saxlanılan vətəndaşlarımızdan daha 7 nəfəri – 1 qadın və 6 uşaq – sentyabrın 17-də Azərbaycana gətirilib. Onlar düşərgələrdən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial müəssisəsinə yerləşdirilib. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Müvəkkil Səbinə Əliyevanın göstərişi ilə Ombudsman Aparatının əməkdaşları həmin şəxslərlə görüşərək onların hüquqlarının təminatı vəziyyətini öyrəniblər. Görüş zamanı qadın və uşaqlara Ombudsmanın missiyası, onlara müraciət yolları, hüquqi və sosial müdafiə imkanları, sənədləşmə və təhsil prosesi barədə zəruri məlumatlar verilib.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları da yeni gətirilənlərin sosial adaptasiyası, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün tədbirlər həyata keçirir və daim nəzarətdə saxlayır. Rəsmi açıqlamaya görə, məsələ Ombudsmanın davamlı nəzarətindədir.





