Azərbaycan təmsilçiləri indiyədək keçirilmiş İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 300 medal qazanmayı bacarıblar.
Əldə edilən statistikaya görə, əvvəlki dörd turnirdə idmançılarımız 114 qızıl, 99 gümüş və 87 bürünc medala layiq görülüblər. Ümumilikdə Azərbaycan dünya müsabiqələri sıralamasında üçüncü yerdə qərarlaşıb. İlk iki pilləni Türkiyə (239 qızıl, 206 gümüş, 200 bürünc) və İran (118 qızıl, 96 gümüş, 106 bürünc) komandaları tuturlar.
Azərbaycan İslamiada ilə ilk tanışlığını 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirib. Orada idmançılarımız 15 medal əldə edib, onlardan 4-ü qızıl, 4-ü gümüş və 7-si bürünc olub. Həmin yarışda Azərbaycan komandasının medal sıralamasında 8-ci olması da tarixə keçib.
Qeyd edək ki, 2009-cu ildə İran paytaxtı Tehranda keçirilməsi planlaşdırılan II İslam Həmrəyliyi Oyunları müəyyən səbəblər üzündən ləğv olunub.
2013-cü ildə isə İndoneziyada təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazanaraq 8-ci yerdə olub.
Dördüncü turnir 2017-ci ildə Bakıda keçirilmiş və Azərbaycan komandası 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) ilə yarışın lideri adını qazanmışdır.
V İslamiada isə 2021-ci ildə Türkiyənin Konya şəhərində baş tutmuşdur. Bu yarışda Azərbaycan 99 medal (29 qızıl, 36 gümüş, 34 bürünc) ilə 4-cü yerdə qərarlaşıb.
2025-ci ilin noyabrında başlanan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 20 idman növündə 179 idmançı ilə təmsil olunur. Ümumilikdə 57 ölkə 23 idman növündə medallar uğrunda mübarizəyə qoşulacaq. Turnirin açılışı noyabrın 7-də, bağlanış mərasimi isə 21-də keçiriləcək.





