Azərbaycan, İstanbulda ilk dəfə keçirilən Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisində (Türk Ticarət Sərgisi) iştirak edir. Daylinews-az xəbər verir ki, Azərbaycan bu tədbirdə ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil olunur.
Nümayəndəliyin rəhbəri Tamerlan Tağıyev, sərgidə Azərbaycanın yatırım və ticarət potensialına olan böyük marağı vurğulayaraq, Azərbaycanda yaradılmış yeni yatırım imkanları, sənaye parkları, azad ticarət zonası və Qarabağda azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər haqqında məlumat verib. O qeyd edib ki, xüsusən Qarabağda fəaliyyət göstərən şirkətlər üçün güzəştli kreditlər, dövlət dəstəyi kimi müxtəlif imkanlar mövcuddur.
Tamerlan Tağıyev Azərbaycanın regional nəqliyyat dəhlizlərinin mərkəzi mövqeyinə də diqqət çəkib. Bu mövqe, onun fikrincə, Türk dünyası üçün strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sərgi, Türk dövlətlərinin iş adamları arasında körpü yaratmaq və beynəlxalq tərəfdaşlarla ticarət əlaqələri qurmağı hədəfləyir. Tədbirdə 20-dən çox sahəni əhatə edən məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirilir. Sərginin əsas məqsədi Türk dövlətləri arasında ticarət və investisiyaların təşviqi, texnologiya, xidmətlər və digər sahələrdə əməkdaşlığın artırılması və ölkələr arasında iqtisadi təcrübə mübadiləsinin təşviqidir.