İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları ilə birgə Zəfər Gününə həsr edilmiş “Secure Tomorrow” adlı hakaton təşkil edib. Bu tədbir AKM-in “CyberPark” bloku çərçivəsində ikinci dəfə həyata keçirilib.
Yarışmada hər komandada 3-5 nəfər olmaqla, SABAH qruplarının bakalavr və magistr tələbələri iştirak edib. Hakatonun əsas məqsədi komandaların təhlükəli faylların analizində həm açıq mənbə, həm də xüsusi hazırlanmış texnologiyaları birləşdirərək dayanıqlı, təhlükəsiz və effektiv həllər təqdim etmək bacarığını yoxlamaqdır. Proqram süni intellekt sahəsində innovativ yanaşmaların və kiberproseslərə inteqrasiyanın tətbiqinə yönəlib.
Hakaton çərçivəsində təqdim olunan layihələr minimum işlək məhsul (MVP) səviyyəsinə çatdırılacaq və qalib komandaların layihələri startap kimi inkişaf etdiriləcək. Bu, tələbələrin ideyalarını real biznesə çevirmək imkanlarını artıracaq.
İştirakçıların seçimi AKM-in ekspertləri tərəfindən müəyyənləşdirilmiş kriteriyalar əsasında aparılıb. Yekunda isə münsiflər heyəti nəticələri müstəqil şəkildə qiymətləndirib.
Bu hakatonun keçirilməsində əsas məqsəd Azərbaycanın kibertəhlükəsizlik sahəsində potensialını təbliğ etmək və gələcək nəsil mütəxəssislərin yetişdirilməsinə dəstək verməkdir.





