Bədii gimnastika üzrə Azərbaycan milli komandası III MDB Oyunlarında ölkəmizi yüksək səviyyədə təmsil etməyə hazırlaşır. Milli komandanın məşqçisi Nəzrin Cəfərzadə yarışın rəsmi saytına verdiyi açıqlamada kadrların intensiv hazırlıq prosesindən danışıb və azarkeşləri yaxşı nəticəyə inandırıb.
O bildirib ki, komanda gündəlik əsasda fiziki və psixoloji baxımdan yüksək səviyyədə hazırlanır və ilin əvvəlindən bəri ölkədaxili və beynəlxalq yarışlarda əldə edilən nailiyyətlər yeni heyətin formalaşmasında əsas rol oynayıb.
Nəzrin xanım vurğulayıb ki, milli komandada əsas məqsəd sadəcə medallara sahib çıxmaq yox, xalçadakı çıxışların estetik və texniki baxımdan zəngin və təsirli olmasıdır: “Bizim üçün ən önəmli məsələ, idmançıların məşqlərdə qazandıqları bacarıqları yarış zamanı uğurla nümayiş etdirmələridir. Medal əlbəttə ki, vacibdir amma əsas diqqət gözəl çıxışlarda olmalıdır, nəticələr isə bundan sonra gələcək”.
Məşqçi həmçinin bildirib ki, MDB ölkələri arasında rəqabət çox gərgindir və yarışa ciddi hazırlıqlar aparılır. Bu da komandamız üçün həm çətinlik, həm də böyük stimul mənbəyidir. “Biz yüksək motivasiya ilə yarışa hazırlaşırıq və əminik ki, ölkəmizi layiqincə təmsil edəcəyik.”
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanda, 7 müxtəlif şəhərdə keçiriləcək və 23 idman növü üzrə yarışlar təşkil olunacaq. Bədii gimnastikada isə MDB ölkələrinin ən güclü gənc gimnastları Şəkidə yarışacaq.





