Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə Avropa Açıq çempionatı Azərbaycan yığması üçün yüksək nailiyyətlərlə başa çatıb.
Yarışda çıxış edən idmançılarımız ümumilikdə 12 medal əldə edərək həm yeniyetmələr, həm də gənclər kateqoriyalarında fərqləniblər.
Yeniyetmələrin uğurları
16 yaşlı İlhamiz Kərimov (+107 kq) yarışın ən parlaq çıxışlarından birinə imza atıb. O, ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə yeniyetmələr arasında qızıl medal qazanıb və Avropa Açıq çempionatının qalibi adını qazanıb.
15 yaşlı Elcan Səmədzadə (49 kq) də mötəbər turnirdə uğurla çıxış edib. Gənc idmançı 80 kq nəticə ilə həm ən yaxşı qaldırmada, həm də ümumi qaldırmada yeniyetmələr arasında iki bürünc medal əldə edib.
Gənclər arasında gümüş medal
19 yaşlı Rəsul Zəkiyev (97 kq) gənclər qrupunda yüksək nəticə göstərib. O, ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gümüş medalın sahibi olub.
Organizatorlar bildiriblər ki, yarış Açıq Avropa Çempionatı statusunda olduğundan Azərbaycan idmançılarının hər biri eyni çəkilər üzrə ikiqat medalla təltif edilib və bu da ümumi medal sayını 12-yə çatdırıb.
Azərbaycan yığmasının bu uğuru paralimpiya idman növlərinə artan diqqət və sistemli hazırlıq prosesinin nəticəsi kimi qiymətləndirilir.





