7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvİqtisadiyyatAzərbaycan və BYD elektrobus istehsalı üzrə müqavilə imzaladı

Azərbaycan və BYD elektrobus istehsalı üzrə müqavilə imzaladı

Müqaviləyə əsasən, Azərbaycanda elektrobus istehsalı təşkil ediləcək və 2030-cu ilə qədər lokallaşdırma səviyyəsi mərhələli şəkildə 40%-ə çatdırılacaq.

Bakıda Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrobus istehsalının lokallaşdırılması üzrə “Layihənin icrası haqqında müqavilə”nin imzalanma mərasimi keçirilib. Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə icraçı direktoru Çao Şuan, “SARDA Group”un təsisçisi və baş icraçı direktoru Rauf Xəlilov, “Electrify Azerbaijan” və “Azerbaijan Energy Automotive Factory” şirkətlərinin direktoru Tərəl Rüstəmov imzalayıb. Layihəyə əsasən, Azərbaycanda elektrobus istehsalının təşkil olunması və 2030-cu ilə qədər ehtiyat hissələrinin lokallaşdırma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur.

COP29 çərçivəsində BYD şirkətinin istehsalı olan 160 pilot elektrobus ölkəyə gətirilərək marşrut xətlərinə buraxılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin əsas məqsədinin Azərbaycanın ictimai nəqliyyat sistemini daha təmiz və effektiv elektrobuslarla təmin etmək və yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb. Layihənin icrası yeni texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması üçün şərait yaradacaq. COP29 çərçivəsində bu müqavilənin imzalanması Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə səylərini bir daha təsdiqləyir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC layihədə tərəfdaş kimi iştirak edəcək. BYD-nin layihə üzrə Azərbaycandakı tərəfdaşı “SARDA Group”a məxsus “Electrify Azerbaijan” MMC-dir.

Sənayenin inkişafı çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa ediləcək elektrobus zavoduna BYD şirkəti 17,1 milyon ABŞ dolları sərmayə yatıracaq. Layihə çərçivəsində daxili tələbat və ixrac potensialı nəzərə alınaraq illik istehsal gücünün 500 vahidə qədər artırılması və 600 yeni iş yerinin yaradılması planlaşdırılır.

BYD Azərbaycanda dəyər zəncirini inkişaf etdirmək məqsədilə yeni istehsal sahələrinə də investisiya yatırmağı planlaşdırır. Şirkət gələcəkdə aztonnajlı elektrik yük maşınları, kommunal təsərrüfat üçün elektrik nəqliyyat vasitələri və minik elektromobillərinin istehsalında əməkdaşlıq etməyi nəzərdə tutur.

1995-ci ildə qurulan BYD şirkəti 2023-cü ildə yeni enerji mənbəyinə malik 3 milyon avtomobil satışını həyata keçirərək qlobal liderə çevrilib. BYD avtomobil sənayesi, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son innovasiyaları tətbiq edən aparıcı qlobal texnologiya şirkətlərindən biridir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər