Azərbaycanda reklam fəaliyyəti ilə bağlı qanunvericilikdə mühüm dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna edilən əlavələr sosial şəbəkələrdə reklam paylaşan blogerləri də əhatə edir.
Yeni tələblər nədən ibarətdir?
Daylinews-az.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnologiya blogeri Fərid Pərdəşünas sosial şəbəkələrdə məlumat paylaşıb.
O qeyd edib ki, blogerlər və influenserlər bundan sonra sosial şəbəkələrdə reklam xarakterli paylaşım edərkən bunu açıq şəkildə qeyd etməlidirlər. “Artıq hər bir influenser paylaşım etdiyi reklam xarakterli məzmunlarda “reklam”, “reklam əsasında”, “sponsorluq” və ya “partnyorluq” kimi qeyd etmələrdən istifadə etməlidir”, – deyə Fərid Pərdəşünas bildirib.
Qanun həmçinin aşağıdakıları da nəzərdə tutur:
- Influencer reklam etdiyi məhsuldan faktiki istifadə etməlidir, əks halda yalan təəssürat yaratmaq qadağandır.
- Bloger və ya influenser vergi ödəyicisi (VÖEN sahibi) olmalı, hüquqi məlumatlarını paylaşmalıdır.
- Qanunvericiliyə ilk dəfə olaraq “rəqəmsal platforma influenseri” anlayışı əlavə olunub.
Qanun artıq qüvvədədir
Qeyd edək ki, yeni tələblər artıq rəsmi olaraq qüvvəyə minib və bütün blogerlər, influenserlər üçün məcburidir. İstər kommersiya məqsədli kontent, istərsə də barter əsaslı əməkdaşlıqlar bu qaydalara tabedir.





