Son zamanlarda Azərbaycanda yenidən devalvasiya baş verəcəyi ilə bağlı xəbərlər geniş yayılmaqdadır. Bu mövzu əhali arasında narahatlığa və çaşqınlığa səbəb olur. Bəzi insanlar bu xəbərlərin həqiqətə uyğun olmadığını düşünür, bəziləri isə prosesin tədricən devalvasiyaya doğru irəlilədiyini iddia edir. Əslində, proqnozlar nəyi göstərir?
“APA-Economics” Azərbaycanın mövcud iqtisadi vəziyyətini təhlil edərək, hamını düşündürən “Devalvasiya gözlənilirmi?” sualına cavab tapmağa çalışıb. Araşdırmalar 2015-ci ildə manatın dəyərdən düşməsinə səbəb olan amilləri və hazırda manatın məzənnəsinə təsir göstərə biləcək iqtisadi göstəriciləri əhatə edir.
Məlumat üçün bildirək ki, devalvasiya milli valyutanın xarici valyutalara nisbətdə dəyər itirməsi deməkdir. Bu termin xüsusilə 2015-ci ildə Azərbaycan iqtisadiyyatında geniş yayılmağa başladı. Belə ki, həmin ilin fevral ayının 21-də səhər saatlarında Azərbaycan Mərkəzi Bankı (AMB) manatın devalvasiyasını elan etdi və 1 ABŞ dollarının rəsmi məzənnəsi 0.78 manatdan 1.05 manata yüksəldi. Elə həmin ilin dekabr ayında manatın dəyəri yenidən azaldı və AMB üzən məzənnəyə keçid etdi. Bu qərar ölkədə geniş yayılmış çaşqınlıq və narahatlıq doğurdu. Manatın dəyərinin düşməsi iqtisadiyyatın müxtəlif sahələrində ciddi təsirlər yaratdı. Belə ki, istehlak edilən əsas məhsulların qiymətləri – ərzaq, dərmanlar, tibbi avadanlıqlar, məişət texnikası, avtomobil və onların ehtiyat hissələri bahalaşdı.
Manatın dəyərdən düşməsi ilə dollarla kredit götürən insanlar da ciddi çətinliklərlə üzləşdilər. Kreditlər adətən dollarla götürülür, lakin əhaliyə manatla verilirdi. Devalvasiya nəticəsində xarici valyutada olan borclar daha da bahalaşdı, bu da kreditlərin qaytarılmasında böyük problemlərə yol açdı və nəticədə problemli kreditlərin həcmi sürətlə artdı.
İndi isə 2015-ci ildə dolların bahalaşmasına səbəb olan amillərə nəzər salaq.
Əvvəlcə qeyd edək ki, 2014-cü ilin sonlarından etibarən dünya bazarında neftin qiymətinin kəskin düşməsi əsas səbəblərdən biridir. Neftin qiymətinin azalması ölkəyə daxil olan xarici valyutanın həcminin azalmasına səbəb oldu. Bu azalma Azərbaycan Mərkəzi Bankını öz valyuta ehtiyatlarını satmağa məcbur etdi ki, nəticədə ehtiyatlar əhəmiyyətli dərəcədə azaldı. Aşağıda qrafikdə AMB-nin valyuta ehtiyatlarının dəyişməsini görə bilərsiniz.
2014-cü ilin noyabr ayında 15 milyard dollar olan valyuta ehtiyatları, cəmi üç ay ərzində təxminən 4 milyard dollara qədər azaldı. İkinci devalvasiyadan əvvəl isə ehtiyatlar yenidən 6 milyard dollara qədər düşdü. Manatın məzənnəsinə birbaşa təsir edən əsas göstərici məhz AMB-nin valyuta ehtiyatlarının sürətlə azalması idi. Manatın ucuzlaşması ilə Mərkəzi Bank valyuta ehtiyatlarını qoruya bildi. 2015-ci ilin sonuna gəldikdə ehtiyatlar 5 milyard dollara qədər azaldı və bu vəziyyətin daha da gərginləşdiyini göstərirdi.
Neftin qiymətinin kəskin ucuzlaşması eyni zamanda Azərbaycanın strateji valyuta ehtiyatlarına da mənfi təsir etdi. Belə ki, 2014-cü ilin sonunda 50.9 milyard dollar olan ehtiyatlar, 2015-ci ilin sonunda 38.6 milyard dollara qədər azaldı.
Azərbaycanın strateji valyuta ehtiyatları, Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarının cəmindən ibarətdir. Aşağıda qrafikdə gördüyünüz kimi, 2016-cı ildə AMB-nin ehtiyatları 4 milyard dollara qədər azalmışdı, lakin cari ildə bu göstərici 11.8 milyard dollara qədər yüksəlib. Eyni dövrdə ARDNF-nin ehtiyatları isə 33.2 milyard dollardan 58 milyard dollara qədər artıb.
Azərbaycanın strateji valyuta ehtiyatları xarici iqtisadi şoklara qarşı bir növ təhlükəsizlik yastığı kimi çıxış edir.
Valyuta Bazarı Tənzimlənir
2015-ci ildə manatın kəskin ucuzlaşması nağd valyutaya tələbi artırdı. Həmin il bankların dollar satışı 12 milyardı keçdi. Lakin 2016-cı ildən etibarən bankların nağd valyuta əməliyyatları azalmağa başladı və bu, valyuta bazarına olan təzyiqləri azaltmaq üçün bir sıra inzibati tədbirlərin görülməsi nəticəsində mümkün oldu. Bu tədbirlər nəticəsində bankların xarici valyuta əməliyyatları sərtləşdirildi və ölkədə şəffaflıq artırıldı.
Qeyd edək ki, 2017-ci ildən başlayaraq valyutaya olan tələbat Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu tərəfindən həyata keçirilən valyuta hərracları vasitəsilə təmin edilir. 2021-2023-cü illərdə ARDNF valyuta hərraclarında 14.5 milyard dollar həcmində satış həyata keçirib. Mərkəzi Bank isə həmin dövrdə valyuta bazarından xalis alış həyata keçirərək ehtiyatlarını artırıb.
Əmanət və Depozitlərin Dedollarlaşması
2015-ci il devalvasiyası əhali arasında narahatlığa səbəb oldu və insanlar manatla olan əmanətlərini geri çəkmək üçün banklara üz tutdular. Bu isə depozitlərin dollarlaşmasına səbəb oldu. 2015-ci ildə xarici valyutada depozitlərin ümumi depozitlərdəki payı 81.9%-ə çatdı, halbuki bu göstərici 2014-cü ildə 49.9% idi. Lakin 2016-cı ildən başlayaraq bu göstərici azalmağa başladı və 2023-cü ildə 39.8%-ə qədər endi. Bununla yanaşı, xarici valyutada olan əmanətlərin faiz dərəcələri də kəskin azaldı.
Xarici Borc Amili
Xarici borc da manata olan təzyiqləri azaldan amillərdən biridir. 2024-cü ilin birinci yarısında ölkənin xarici dövlət borcu 5.3 milyard dollar təşkil edir ki, bu da ÜDM-in 7.5%-i həcmindədir. Xarici borcun aşağı səviyyədə olması valyutaya olan təzyiqləri azaltdı.
Tədiyyə Balansı
Tədiyyə balansı ölkənin xarici iqtisadi əlaqələrini əks etdirən mühüm göstəricidir. 2024-cü ilin birinci rübündə cari hesablar balansı 1.7 milyard manat profisitlə ÜDM-in 10.1%-nə bərabər olub. Bu, ölkəyə daxil olan valyutanın çıxandan daha çox olduğunu göstərir və manatın məzənnəsinə müsbət təsir edir.
Beynəlxalq Reytinq Agentliklərinin Proqnozları
“Fitch Solutions” şirkətinin Azərbaycan üzrə proqnozuna əsasən, qarşıdakı illərdə ölkənin cari əməliyyatlar balansı profisitli olacaq. Manatın məzənnəsinin 2027-ci ilə qədər sabit qalması gözlənilir. 2027-ci ildə məzənnənin 1.75-ə, 2028-ci ildən isə 1.80-ə qədər enəcəyi proqnozlaşdırılır.
Hazırda ölkədə iqtisadi vəziyyət manatın dəyərdən düşməsi ehtimalını göstərmir. Azərbaycanın 70 milyard dollarlıq strateji ehtiyatları, əmanətlərin dedollarlaşması, valyuta bazarının tənzimlənməsi və digər amillər manatın sabitliyini dəstəkləyir.