Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı apellyasiya şikayətlərinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda tərəflərin mövqeyi dinlənildikdən sonra qərar elan olunub. Məhkəmə kollegiyası müdafiə tərəfinin şikayətlərini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Həbs müddəti uzadılmışdı
Xatırladaq ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində ilkin olaraq 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Cari ilin 9 fevral tarixində isə həmin həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb.
İttihama görə, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə — hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişməyə yönəlmiş hərəkətlərə görə ittiham irəli sürülüb.
Bu maddə üzrə təqsir sübuta yetiriləcəyi təqdirdə ağır cəza nəzərdə tutulur. Məhkəmənin son qərarı ilə həbs qətimkan tədbiri qüvvədə qalır və istintaq tədbirləri davam etdirilir.





