Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər yaralanıb. Daylinews-az.com-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova hadisə barədə məlumat verib:
“Bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbindən çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində iki şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.”
Yaralılar haqqında əlavə məlumat verən Ədilova bildirib ki, onlara başın açıq yarası və bud sümüyünün sınığı diaqnozları qoyulub. Hər iki şəxsə zəruri instrumental-diaqnostik müayinələr təyin edilib. Hazırda vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.





