İran ərazisindən keçməklə həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus marşrutu üzrə hərəkətdə ciddi gecikmələr və fasilələr baş verib. Sərnişinlərin Daylinews-az.com-a verdiyi məlumata əsasən, iyulun 19-da saat 19:00-da yola düşən avtobus yalnız iyulun 21-də gecə saat 03:00-da Naxçıvana çatıb.
Onların sözlərinə görə, Biləsuvar gömrük-keçid məntəqəsində sərnişinlərin sayı 80-dən çox olub və uzun müddət gözləməli olublar. Eyni zamanda, sərnişinlər Bakıya dönüş üçün aldıqları biletlərin ləğv edildiyini, həm avtovağzal, həm də onlayn bilet sistemində satışların dayandırıldığını bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, bu marşrut üzrə sərnişindaşımalar 14 iyun 2025-ci ildən müvəqqəti dayandırılsa da, 19 iyul tarixindən yenidən bərpa edilib.
Onun sözlərinə görə: “İlk avtobus daşımaları icra edib, lakin növbəti üç avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və bu səbəbdən həmin nəqliyyat vasitələri gömrük-keçid məntəqəsində yubanıb. Artıq həmin avtobuslar 21 iyul gecə saat 2-3 radələrində Naxçıvan Avtovağzalına çatıb.”
Tural Orucov həmçinin qeyd edib ki, marşrutun yenidən və daimi şəkildə fəaliyyət göstərməsi üçün qarşı tərəflə koordinasiyalı işlər davam etdirilir. Hazırda reysin nə vaxt bərpa olunacağı ilə bağlı dəqiq tarix verilməyib.





