Bakı şəhərindən ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətlərində ciddi yeniliklər baş verib. İndiyədək keçirilmiş müsabiqələrin nəticəsi olaraq, bu istiqamətlərdə sərnişindaşıma xidmətlərinə ümumilikdə 92 ədəd yeni və müasir avtobus əlavə olunub. Bu isə avtobus parkının təxminən 30 faizinin yenilənməsi deməkdir.
Daylinews-az.comun məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Agentliyin açıqlamasında qeyd olunub ki:
- Bakı–Bərdə və Bakı–Tərtər marşrutları üzrə bütün müsabiqələr yekunlaşıb və avtobus parkı tam şəkildə müasir nəqliyyat vasitələri ilə əvəz olunub.
- Bakı–Mingəçevir istiqamətində isə avtobus parkının 45%-i yenilənib.
- Bakı–Gəncə və Bakı–Zaqatala xətlərində avtobusların 40%-i müasir avtobuslarla əvəz edilib.
Yenilənmiş daşımalarda “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri istifadə olunur.
Bundan əlavə, Bakıdan regionlara fəaliyyət göstərən marşrutların təxminən 92%-i “Biletim.az” onlayn bilet satışı platformasına inteqrasiya olunub. 2025-ci ilin ilk yeddi ayı ərzində bu istiqamətdə onlayn bilet satışları ümumi satışların 26 faizini təşkil edib.





