Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi istiqamətində yeni mərhələ başlayır. Beynəlxalq enerji şirkəti BP gələcəkdə karbohidrogen hasilatını təmin edəcək infrastrukturun layihələndirilməsi prosesinə start verib.
Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bildirib ki, yataqda aparılan geoloji və seysmik araşdırmalarla paralel olaraq hasilat üçün zəruri olacaq obyektlərin texniki layihələndirilməsi artıq başlanıb.
Onun sözlərinə görə, bu addım layihənin inkişafını sürətləndirməyə və hasilat mərhələsinə hazırlığı daha səmərəli təşkil etməyə imkan verəcək.
Hasilat sualtı quyular vasitəsilə planlaşdırılır
Şirkət nümayəndəsinin sözlərinə əsasən, yataqda neft və qaz hasilatının platforma tikintisi olmadan həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə görə, sualtı quyular qazılacaq və hasil edilən karbohidrogenlər boru kəmərləri vasitəsilə mövcud “Dərinsulu Günəşli” platformasına nəql olunacaq.
Eyni zamanda, boru kəmərlərinin tikintisi ənənəvi üsullardan fərqli texnologiya ilə həyata keçiriləcək. Kristofolinin sözlərinə görə, kəmərlərin quraşdırılması dənizdə borudüzən gəmi vasitəsilə deyil, quruda həyata keçiriləcək.
Daha sonra hazır konstruksiyalar xüsusi sürüşdürmə metodu ilə dənizdəki yatağa çatdırılacaq. Bu məqsədlə sahildə yeni texniki obyektin tikilməsi planlaşdırılır və artıq tikinti üçün ərazi də müəyyən edilib.
Layihədə BP və SOCAR əməkdaşlığı
Xatırladaq ki, 2025-ci ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında iki mühüm layihə üzrə əməkdaşlıq razılaşması əldə olunub.
Sazişə əsasən, BP SOCAR-dan iki yataq üzrə iştirak payı əldə edib:
- “Qarabağ” yatağı – Bakıdan təxminən 120 km şərqdə, “Günəşli” yatağından 20–25 km məsafədə yerləşir və dənizin 150–200 metr dərinliyindədir.
- “Əşrəfi–Dan Ulduzu–Aypara” (ADUA) bloku – Bakıdan 90–110 km şimal-şərqdə, 80–180 metr dərinlikdə yerləşən perspektivli sahədir.
Hər iki layihədə BP 35 faiz iştirak payına sahibdir, qalan 65 faiz isə SOCAR-a məxsusdur. Layihələrin operatoru kimi BP çıxış edəcək.
İlkin qiymətləndirmələrə görə, “Qarabağ” yatağında 60 milyon tondan artıq geoloji neft ehtiyatı mövcuddur. Bunun təxminən 21 milyon tonu çıxarıla bilən neft, həmçinin 13 milyard kubmetr qaz ehtiyatı hesab olunur.
Enerji ekspertlərinin fikrincə, yatağın işlənməsi Azərbaycanın Xəzər dənizindəki enerji layihələrinin genişlənməsinə və regionun enerji potensialının daha da güclənməsinə töhfə verə bilər.





