Noyabrın 5-də axşam saat 17:10-da başlayan və noyabrın 6-da səhər saat 08:10-dək davam edəcək Super Ay fenomeni bu gecə öz ən yüksək nöqtəsinə çatacaq. Ayın Yerə ən yaxınlaşması noyabrın 5-dən 6-na keçən gecə saat 02:30-da baş verəcək.
Bu nadir hadisə zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz daha parlaq görünəcək. Ayın Yerdən məsafəsi bu zaman 356 min 832 kilometrə qədər azalacaq.
Mütəxəssislər bildirir ki, Super Ay hadisəsi insanlar üçün heç bir təhlükə yaratmır. Ancaq Ay Yerə yaxınlaşdığı üçün onun cazibə qüvvəsi okean və dəniz səviyyələrini təsir edə bilər və bu, suyun adi səviyyədən 3-5 santimetr yüksəlməsinə səbəb ola bilər.
Tarixə nəzər saldıqda, Ayın Yerdən maksimal yaxınlaşması 1912-ci ilin yanvarında 356 min 375 kilometr olaraq qeydə alınmışdır. Daha sonra 1948, 2016 və 2018-ci illərdə də oxşar yaxınlaşmalar olub. Növbəti yüksək yaxınlaşma 2034-cü ilin noyabrında baş tutacaq.





