Amerikalı məşhur müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib. Bu barədə Daylinews-az.com “Mash” Telegram kanalına istinadla xəbər verir.
Lopezin nümayəndələri və rusiyalı təşkilatçılar avqust ayında baş tutacaq konsert üçün artıq ilkin razılaşmaya gəlmişdilər. Gonorarı ən azı 1 milyon dollar olan tədbirin detalları da razılaşdırılmışdı.
“Müğənninin komandası fikirləşmək üçün vaxt istədi və sonra cavab olaraq imtina verdi. Bildirildi ki, ölkədə ‘münaqişə’ olduğu müddətdə Lopezin reputasiya baxımından riskləri çox yüksəkdir”, – deyə mənbə bildirib.
Mash-ın məlumatına görə, Lopez yalnız Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiyada çıxış etməyə hazır olacaq. Bildirilir ki, müğənni ilə danışıqları Rusiyanın tanınmış konsert agentliyi PMI aparıb. Lakin agentliyin rəhbəri Yevgeni Finkelşteyn bu informasiyanı nə təsdiqləyib, nə də təkzib edib.





