Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yenidən seçilmiş prezidenti Donald Trampı təbrik edib.
Daylinews-az.com xəbər verir ki, təbrik məktubunda Əliyev Trampın seçkilərdə qazandığı qələbənin Amerika xalqının ona və onun siyasətinə olan etimadının göstəricisi olduğunu vurğulayıb.
Əliyev məktubunda Azərbaycan-ABŞ münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, Trampın birinci prezidentliyi dövründə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndiyini bildirib. Əliyev, xüsusilə, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətlərində ABŞ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidentinin məktubunda həmçinin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, təhlükəsizlik və enerji kimi müxtəlif sahələrdə genişləndirilməsi niyyəti qeyd olunub. Əliyev Trampın yeni prezidentlik dövründə bu münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.
Əliyev, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın fəaliyyətini davam etdirəcəyini də bildirib və Trampa cansağlığı, uğurlar arzulayıb.