SSRİ dövründə televiziya vasitəsilə keçirdiyi hipnoz seansları ilə tanınan psixoterapevt və ekstrasens Anatoli Kaşpirovski səhhətində yaranan ciddi problemlər səbəbindən təcili xəstəxanaya yerləşdirilib. Rusiya mediasında yayılan məlumata görə, 86 yaşlı Kaşpirovskiyə aparılan müayinələr nəticəsində onkoloji xəstəlik diaqnozu qoyulub.
Vəziyyəti qəfil pisləşib
SHOT Telegram kanalının yaydığı məlumata əsasən, Kaşpirovski son günlər qarın nahiyəsində güclü ağrılardan əziyyət çəkib. Bildirilir ki, o, əvvəlcə özünü ev şəraitində müalicə etməyə çalışıb və damarına antibiotik tərkibli qarışıq yeridilib. Lakin bu müdaxilə vəziyyətini daha da ağırlaşdırıb və nəticədə təcili tibbi yardıma ehtiyac yaranıb.
Xəstəxanada həkimlər tərəfindən ona təxirəsalınmaz stentləmə əməliyyatı həyata keçirilib. Daha sonra götürülən toxuma nümunələrinin biopsiyası zamanı bədxassəli şiş aşkarlanıb. Hazırda onun vəziyyəti həkim nəzarətində saxlanılır və müalicəsi davam etdirilir.
Seanslarını təxirə saldı
Əməliyyatdan sonra həkimlər Kaşpirovskiyə yataq rejimi, xüsusi pəhriz və onkoloqun daimi nəzarətində qalmağı tövsiyə ediblər. Bu səbəbdən o, yaxın aylarda keçirməyi planlaşdırdığı “sağalma seanslarını” sentyabr ayına qədər təxirə salıb.
Qeyd edək ki, Anatoli Kaşpirovski 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində SSRİ məkanında ən məşhur televiziya simalarından biri olub. Onun hipnoz və psixoterapiya seansları milyonlarla tamaşaçı tərəfindən izlənilir, müxtəlif şəhərlərdə təşkil olunan çıxışları isə minlərlə insanı bir araya gətirirdi. Buna baxmayaraq, onun fəaliyyəti illər boyu həm böyük maraq, həm də elmi ictimaiyyətdə ciddi mübahisələrlə müşayiət olunub.





