Atlantadakı “Mercedes-Benz Stadium”da keçirilən oyunda Misir favorit hesab olunan rəqibini uzun müddət çıxılmaz vəziyyətə saldı. İlk hissədə Yasser İbrahim hesabı açdı, 67-ci dəqiqədə isə Mostafa Ziko fərqi iki topa çatdıraraq Afrika təmsilçisini sensasiyaya bir addım yaxınlaşdırdı.
Ancaq son 15 dəqiqədə oyunun axarı tam dəyişdi. 79-cu dəqiqədə Kristian Romero fərqi minimuma endirdi. Beş dəqiqə sonra Lionel Messi tarazlığı bərpa etdi, 90+2-ci dəqiqədə isə Enso Fernandesin dəqiq zərbəsi Argentinaya əzmkar 3:2 hesablı qələbə qazandırdı.
Bu görüş Messi üçün də tarixi əhəmiyyət daşıdı. O, Romeronun qoluna məhsuldar ötürmə verərək dünya çempionatları tarixində assistlərinin sayını 9-a çatdırdı və bu göstəricidə mütləq rekorda imza atdı. Argentinalı kapitan 21-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməsə də, komandasının qələbəsində əsas fiqurlardan biri oldu.
İsveçrə soyuqqanlı oldu və növbəti mərhələyə yüksəldi

Vankuverdəki “BC Place” stadionunda keçirilən İsveçrə – Kolumbiya qarşılaşması isə müdafiə futbolu ilə yadda qaldı. Hər iki komanda həm əsas, həm də əlavə vaxt ərzində qol vurmaq üçün imkanlar yaratsa da, tablodakı rəqəmlər dəyişmədi.
Beləliklə, qalib penaltilər seriyasında müəyyənləşdi. İsveçrə futbolçuları həlledici zərbələrdə daha dəqiq oynayaraq 4:3 hesabı ilə qələbə qazandılar və dörddəbir finala adladılar.
İndi mundialın növbəti mərhələsində Argentina ilə İsveçrə yığmaları yarımfinal uğrunda mübarizə aparacaq.





