Bu gün Kəlbəcər rayonunda Azərbaycanın azad edilmiş ərazi və şəhərlərindən biri olan Kəlbəcər üçün mühüm hadisə təsis olunub – ilk dəfə “Kəlbəcər Şəhəri Günü” keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bayram proqramı zəngin mədəniyyət tariximizin təqdimatı ilə yanaşı, doğma torpaqlarına qayıdan sakinlər üçün dərin mənəvi əhəmiyyət daşıyan rəmzi tədbir olub. Açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Uşaqlar üçün təşkil edilən mədəni proqramda “Tıq-tıq xanım” tamaşası böyük maraqla qarşılanıb. Şəhər meydanında təşkil olunan “Kəlbəcər – obyektivdən tarixə” fotosərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm sərgisi, həmçinin aşıq sənətinə dair ustad dərsləri ziyarətçilərə təqdim olunub.
İctimai-siyasi xadimlər, Kəlbəcər ziyalıları, hərbiçilər və mədəniyyət nümayəndələri şəhərin yenidən qurulmasına dəstək və birlik nümayiş etdiriblər. Bayramı daha da rəngarəng edən qida və istirahət guşəsində Kəlbəcərin milli yeməkləri, dağ bitkilərindən dəmlənmiş çaylar və dadlı Kəlbəcər balı təqdim olunub.
Günün sonunda möhtəşəm konsert proqramı, atəşfəşanlıq və müasir lazer şousu təşkil olunub. Qeyd edək ki, bu ənənənin gələcək illərdə də davam etdirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr rəsmi olaraq Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.





