Bu gün Misli Premyer Liqasının 8-ci turuna start verilir. Və PFL-in məlumatına əsasən, turun açılış günündə iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda “Şamaxı” komandası doğma meydanda “Kəpəz”i qəbul edəcək, ardınca isə turun mərkəzi görüşündə “Turan Tovuz” son çempion “Qarabağ”ı sınağa çəkəcək.
“Şamaxı” – “Kəpəz” görüşü saat 14:30-da Şamaxı şəhər stadionunda keçiriləcək. Turun ikinci oyununda Tovuz təmsilçisi doğma azarkeşlər önündə “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşma “Azərsun Arena”da saat 19:00-da baş tutacaq.
Turnir cədvəlinə nəzər saldıqda “Turan Tovuz” 7 oyundan 15 xal qazanaraq birinci pillədə qərarlaşıb. Onu 14 xalla “Araz-Naxçıvan”, 13 xalla isə “Qarabağ” və “Zirə” komandaları izləyir. Son turlarda stabil çıxış edən Ağdam klubu bu oyunla liderlik uğrunda mübarizədə mövqeyini gücləndirməyi hədəfləyir.
Tura sabah və bir gün sonra keçiriləcək digər qarşılaşmalarla davam ediləcək. 18 oktyabrda “İmişli” – “Qəbələ” və “Sumqayıt” – “Karvan-Yevlax” görüşləri, 19 oktyabrda isə “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşmaları keçiriləcək.





