Sony-nin növbəti nəsil oyun konsolu PlayStation 6 ilə bağlı məlumatlar artıq oyun dünyasında geniş marağa səbəb olub. PS5-in həyat dövrünün son mərhələsinə yaxınlaşdığı bir vaxtda PS6 haqqında yayılan detallar daha da diqqət çəkir. Digital Trends portalı yeni konsol haqqında mövcud ehtimalları, mümkün xüsusiyyətləri və qiymət proqnozlarını bir araya toplayıb.
PlayStation 6 nə vaxt təqdim edilə bilər?
Rəsmi məlumatlar hələ açıqlanmasa da, mövcud sənədlər PS6-nın 2027-ci ildən tez çıxmayacağını göstərir. Bu ehtimal Microsoft-un Activision Blizzard-ı satın alması ilə bağlı məhkəmə sənədlərinə əsaslanır. Sənəddə Sony-nin 2027-ci ilə qədər Call of Duty-yə eksklüziv çıxışı olacağı və həmin dövrdə yeni nəsil konsolun buraxılacağı qeyd edilir.
Qeyd edək ki, PS5 2020-ci ildə təqdim edilmişdi və bu, PS4-dən 7 il sonra baş vermişdi. Bu baxımdan 2027-ci il PS6 üçün real buraxılış tarixi hesab olunur.
PS6-nın qiyməti nə qədər olacaq?
Yeni nəsil konsolun qiymətini dəqiq müəyyən etmək mümkün olmasa da, analitiklər hesab edir ki, PS6-nın start qiyməti 500-600 dollar arasında olacaq. Müqayisə üçün, PS5 satışa çıxdığı vaxt 499 dollar dəyərində idi. Texnologiyanın inkişafı və istehsal xərclərinin artması yeni modelin qiymətinə də təsir edəcək.
PS6-nın texniki göstəriciləri
Rəsmi texniki spesifikasiyalar açıqlanmasa da, bəzi etibarlı mənbələr PS6-nın bazarın ən güclü konsolu olacağını bildirir. Sony-nin AMD ilə tərəfdaşlığı davam edəcək və bu şirkət yeni prosessorun yaradılmasına cavabdeh olacaq.
Yeni konsolda aşağıdakı texnoloji imkanların yer alacağı gözlənilir:
- Ray tracing və path tracing üçün tam dəstək
- Süni intellektlə gücləndirilmiş oyun imkanları
- Daha sürətli SSD texnologiyası ilə qısa yükləmə vaxtı
- PlayStation Spectral Super Resolution (PSSR) texnologiyası:
- 4K 120 FPS və ya 8K 60 FPS rejimlərində oyun təcrübəsi
Bəzi mənbələr PSSR texnologiyasının sadələşdirilmiş versiyasının PS5 Pro modelində tətbiq olunacağını, PS6-da isə tam şəkildə aktiv olacağını bildirir.
Nəticə
Əgər yayılan bu detallar doğru çıxsa, PS6 Sony tarixində ən texnoloji konsol statusunu qazana bilər. Gözləntilər yüksəkdir və oyunçular rəsmi elan üçün səbirsizliklə gözləyirlər.





