Davam edən Rusiya-Ukrayna münaqişəsi çərçivəsində təxminən 200 min nəfərin itkin düşdüyü bildirilir. Bu məlumatı Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dimtro Lubinets Bakı şəhərində təşkil olunmuş “İtkin düşmüş şəxslərin probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirib.
Lubinets vurğulayıb ki, münaqişə tamamlandıqdan sonra Ukraynada itkin düşmüş şəxslərin dəqiq sayı müəyyən ediləcək və bu istiqamətdə beynəlxalq dəstəyə ehtiyac qalacaq. Komissar Ukrayna, Azərbaycan və digər mümkün ölkələrlə birgə işçi qrupunun yaradılmasını təklif edib.
O əlavə edib: “Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir və biz də bu təcrübədən faydalanmaq niyyətindəyik. İtkin düşənlər unudulmuş insan olmamalıdır. Problemin həlli üçün fasiləsiz iş aparılmalı, müharibə, miqrasiya və fəlakətlər səbəbindən yaranan itkin düşmə halları beynəlxalq əməkdaşlıqla həll oluna bilər. Bu məsələ sərhədləri aşan ciddi çağırışdır.”





