Rusiyanın Amur vilayətində 24 iyul tarixində qəzaya uğrayan An-24 təyyarəsinin yerə çırpılma anını əks etdirən video sosial şəbəkələrdə yayılıb. Qəza zamanı təyyarədə onlarla sərnişin olub.
The Moscow Times-ın məlumatına görə, qəzaya uğrayan An-24 təyyarəsi təxminən 50 il əvvəl istehsal olunub. Təyyarənin istismar müddəti başa çatmış olsa da, onun uçuş yararlılığı sertifikatı 2036-cı ilə qədər uzadılıb. 2024-cü ilin əvvəlində “Angara” aviaşirkətinin baş direktoru, yeni təyyarələrin çatışmazlığı səbəbindən 50 illik An-24 və An-26 təyyarələrinin uçmasına icazə verilməsini xahiş etmişdi.
Qəza zamanı təyyarədə 43 sərnişin – o cümlədən 5 uşaq – və 6 heyət üzvü olub. “Angara” aviaşirkətinə məxsus təyyarə Xabarovsk–Blagoveşçensk–Tında marşrutu üzrə uçuş həyata keçirirdi.
Tında şəhərində ilk eniş cəhdində uğursuz olan təyyarə ikinci dövrəyə keçmək istəyib, lakin bu zaman radarlarla əlaqə itib. Bir müddət sonra təyyarənin qalıqları Tındadan 15 km aralıda, çətin keçilən dağlıq ərazidə aşkar edilib. Təəssüf ki, göyərtədə olanların hamısı həyatını itirib.
Əsas ehtimallardan biri – qəzanın pis hava şəraitində eniş zamanı ekipajın səhvi nəticəsində baş verməsidir.





