Sabah ölkənin üç rayonunda – Siyəzən, Şabran və Qusarda qaz təchizatında qısa müddətli dayanmalar olacaq. “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsi bildirib ki, aparılacaq texniki işlər qaz xətlərinin təhlükəsiz və stabil istismarını təmin etmək məqsədi daşıyır.
Siyəzəndə 592 abonentin qazı kəsiləcək
Məlumata görə, Siyəzən rayonunda İnteqrasiya məktəbi üçün çəkilmiş yeni qaz xəttinin mövcud orta təzyiqli xəttə qoşulması işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq. Fasilə müddətində M.Müşfiq, H.Əliyev, T.İsmayılov, Babək, Nizami, Şəhriyar, S.Vurğun və N.Nərimanov küçələrində yaşayan ümumilikdə 592 abonent qazsız qalacaq.
Şabranda və Qusarda minlərlə abonentə təsir edəcək fasilə
Şabran rayonunun Ağalıq kəndində istismarda olan qaz xəttində balans sayğacının quraşdırılması planlaşdırılır. Bu işlərə görə kəndin bir hissəsi, həmçinin Daşlıyataq və Günəşli kəndlərində saat 10:00-dan etibarən qaz kəsiləcək. Ümumilikdə 393 abonentə təsir göstərəcək.
Ən geniş əhatəli fasilə isə Qusar rayonunun Çiləgir kəndində olacaq. Burada aparılan texniki işlər səbəbindən Çiləgir kəndi və H.Əliyev, Z.Əliyeva, Rəsulbəyov, Zaman Baxışov küçələri daxil olmaqla ümumilikdə 2 077 abonentin qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” bildirib ki, bütün texniki işlər tamamlandıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.





