Şəmkir rayonunda bir neçə ət dükanının fəaliyyətini dayandırması yerli əhalinin və alıcıların narahatlığına səbəb olub. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, satıcılar mal-qara kəsimi üçün xidmət haqlarının artmasına etiraz olaraq satışdan imtina ediblər. Məlumatı Report-a istinadən Daylinews-az.com yayıb.
Sakinlərin dediyinə görə, əvvəllər bir baş iribuynuzlu heyvanın kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvan üçün isə 12 manat tələb olunurdusa, indi bu məbləğ 25-30 manata qədər yüksəlib. Bu artım ət dükanlarının xərclərini artıraraq, bəzi satıcıların fəaliyyətini müvəqqəti dayandırmasına səbəb olub.
Rayon İcra Hakimiyyəti baş verənlərə münasibət bildirib və məsələni nəzarətə götürdüyünü açıqlayıb. Rəsmilər bildiriblər ki, yaranmış vəziyyətə dair tədbirlər görülür və yaxın günlərdə vəziyyətin stabilləşməsi gözlənilir.
İcra Hakimiyyəti nümayəndələrinin verdiyi məlumata görə, artıq problemin aradan qaldırılması istiqamətində işlər aparılır və sabahdan etibarən ət dükanlarının yenidən fəaliyyətə başlaması planlaşdırılır.





