ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp arasında münasibətlər ciddi şəkildə dəyişib və onlar artıq ayrı yaşayır. Bu barədə prezidentin qeyri-rəsmi biqrafı, jurnalist və yazıçı Maykl Volf öz podkastında bildirib. O, cütlüyün nikahının “klasik modelə heç cür uyğun gəlmədiyini” və onların “praktiki olaraq ayrı yaşadıqlarını” iddia edir.
Volfun sözlərinə görə, Tramp və Melaniya çoxdan “ənənəvi ailə” anlayışından uzaqlaşıblar:
“Onlar açıq şəkildə klassik evlilik modelinə uyğun gəlmirlər. Məncə, onlar faktiki olaraq ayrı yaşayırlar,” – deyə jurnalist bildirib.
O, Melaniyanın Ağ Evdə keçirdiyi vaxtın son dərəcə az olduğunu, onun ictimaiyyət qarşısında görünmədiyini və bu vəziyyətin artıq bir müddətdir davam etdiyini vurğulayıb.
Bu iddialara Ağ Ev rəsmisindən sərt cavab gəlib. Kommunikasiya direktoru Stiven Çunq, Maykl Volfu “boş-boğaz yalançı” adlandırıb:
“O, Trampı gözü götürməyən xəyalpərəstdir və dediklərinə inanmaq üçün heç bir əsas yoxdur.”
Çunq əlavə edib ki, Volfun keçmişdə də bu cür uydurma məlumatlarla çıxış etdiyi və etibarını itirdiyi məlumdur.
Məsələ medianın da diqqət mərkəzinə çevrilib. The New York Times yazır ki, Tramp prezidentliyə qayıtdıqdan sonra Melaniya cəmi iki həftədən az müddət ərzində Ağ Evdə olub. Onun ictimai tədbirlərdə görünməməsi və hər fürsətdə səhnədən çəkilməsi müxtəlif şayiələrə yol açır.
Bununla belə, Melaniya müəyyən tədbirlərdə iştirak edib: o, Roma Papasının dəfn mərasimində və ənənəvi Pasxa şam yeməyində iştirak edib. Lakin Avropa səfərindən sonra cütlüyün fərqli nəqliyyat vasitələri ilə ayrı yollarla getməsi də medianın diqqətindən yayınmayıb.
İnauqurasiyadan əvvəl verdiyi müsahibədə Melaniya Tramp Ağ Evdə qalmaq və birinci xanım kimi fəaliyyət göstərmək niyyətində olduğunu bildirmişdi. Amma eyni zamanda “ana olmaq” və 19 yaşlı oğlu Berronun qayğısına qalmağın onun üçün prioritet olduğunu vurğulamışdı.
Onun yaxın ətrafı isə deyir ki, 2024-cü ilin yayında Trampa qarşı edilən iki sui-qəsd cəhdi Melaniyanı “ciddi şəkildə qorxudub”, bu da onun çəkilməsi ilə nəticələnə bilər.
Bəzi politoloqlar bu məlumatların ailədaxili mübahisələri gizlətmək və ya Trampı ictimaiyyət qarşısında gözdən salmaq məqsədi daşıdığını düşünür. Digərləri isə bu vəziyyəti sadəcə Melaniyanın özəl həyatını qorumaq və mediadan uzaq durmaq istəyilə izah edir.
Bütün hallarda, Melaniya Trampın rolu və davranışları ilə bağlı müzakirələr davam edir. Onun azsaylı ictimai çıxışları, siyasi proseslərdə passivliyi və şəxsi münasibətlərlə bağlı dolaşan şayiələr bu cütlüyü Amerika tarixində ən mübahisəli prezident ailələrindən birinə çevirir.





