EvKriminalSosial şəbəkələrdə dələduzluq edən 4 nəfər saxlanılıb

Sosial şəbəkələrdə dələduzluq edən 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları sosial şəbəkələrdə vətəndaşları müxtəlif yalan vədlər və cazibədar təkliflərlə aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər keçirib. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlər nəticəsində sosial şəbəkələrdə saxta elanlar yerləşdirən, internet saytlarının təhlükəsizliyi üzrə mütəxəssis kimi özünü təqdim edən və əvvəllər də belə cinayətlərdə məhkum olunmuş Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Aqşin Bədəlov və İlkin Niyazov bahalı mobil nömrə, avtomobil və mənzilləri öz əmlakları kimi təqdim edib və dəyərindən çox aşağı qiymətə satışa çıxarıblar. Cəfər Cəfərov isə “WhatsApp” vasitəsilə müxtəlif müəssisə və iaşə obyektləri ilə əlaqə saxlayaraq brend əşyaların ucuz qiymətə alınmasında vasitəçi olduğunu iddia edib və bu yolla pul toplayıb.

Şahin Rəcəbov isə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqə yaradaraq özünü elektron poçt və saytların idarəedilməsi ilə məşğul olan şirkətin rəhbəri kimi tanıdıb. O, müəssisələrə məxsus domenlərin və elektron xidmətlərin idarəsini öz nəzarətinə götürdüyünü bildirib və ödəniş edilməzsə fəaliyyətin dayandırılacağı ilə hədələyib. Bu üsulla əldə etdiyi vəsaitləri müxtəlif insanların hesablarına köçürərək nağdlaşdırıb.

Cinayət işləri açılıb, Ş.Rəcəbov və A.Bədəlov barəsində həbs qərarı verilib, digər iki şəxsə isə alternativ qətimkan tədbirləri seçilib.

DİN vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa, şübhəli elan və müraciətlərə inanmayıb, tanımadıqları şəxslərə onlayn ödəniş etməməyə çağırır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər