ABŞ prezidenti Donald Tramp, bir müddət əvvəl “barışa bilmərik” dediyi milyarder Elon Maskla münasibətləri yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bu barədə Tramp New York Post qəzetinin Pod Force One adlı podkastında danışıb, – xəbər verir Daylinews-az.com.
Tramp: “Onunla barışa bilərdim, amma bu mənim üçün hazırda prioritet deyil,” – deyə bildirib. Prezident əlavə edib ki, Maskla yaranan gərginlikdə onu günahlandırmır, lakin sahibkarın davranışından “bir qədər məyus olduğunu” vurğulayıb: “Ona qarşı kin saxlamıram. Baş verənlər məni çox təəccübləndirdi. Düşünürəm, o da dediklərinə görə peşmandır.”
Elon Mask üzr istədi
Qeyd edək ki, Trampın bu açıqlaması 5 iyun tarixində baş vermiş qalmaqallı qarşıdurmadan sonra gəldi. Həmin vaxt Elon Mask ABŞ prezidentinə qarşı sosial şəbəkələrdə sərt açıqlamalar vermişdi. O, hətta bildirmişdi ki, “Tramp 2024-cü il seçkilərini mənim dəstəyim olmadan qazana bilməzdi” və impiçment çağırışını da açıq şəkildə dəstəkləmişdi.
Lakin 10 iyun tarixində Mask sosial şəbəkə X hesabında bu açıqlamalarına görə peşmanlığını ifadə edərək, Trampdan üzr istədi: “Keçən həftə prezident Tramp haqqında yazdıqlarımın bəzilərinə görə peşmanam. Bu, həddindən artıq idi.”
Mask, həmçinin Trampın iqtisadi siyasətini, o cümlədən idxal rüsumları və dövlət xərclərinin azaldılmasına dair qanun layihəsini tənqid etmişdi. Bundan əlavə, ABŞ iqtisadiyyatının 2025-ci ilin ikinci yarısında tənəzzülə uğrayacağını proqnozlaşdırmışdı – bu da Ağ Evdə narazılıq doğurmuşdu.
Trampın sərt cavabı
Bütün bunlara cavab olaraq, Tramp Maskı DOGE (Dövlət Effektivliyi Departamenti) çərçivəsindəki vəzifələrini “vicdansız yerinə yetirməkdə” ittiham etmiş və “Elon Mask dəli olub” demişdi. Prezident eyni zamanda SpaceX daxil olmaqla Maskın şirkətləri ilə bağlanmış dövlət müqavilələrinin ləğvi və subsidiyaların dayandırılması ilə hədələmişdi.
Hazırda iki nüfuzlu fiqurun münasibətləri yumşalmağa doğru getsə də, onların əməkdaşlığı hələ də sual altındadır.





