Prezident Vladimir Zelenski amerikalı həmkarı Donald Trampa Ukrayna hərbçisinin ona təqdim etdiyi qolf çubuğunu hədiyyə edib. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb, – deyə Daylinews-az.com yazır.
Tramp ilə görüş zamanı Zelenski ona Ukrayna Silahlı Qüvvələrinin kiçik serjantı Konstantin Kartavtsev tərəfindən verilmiş qolf çubuğunu təqdim edib. Zelenski bildirib ki, hərbçi genişmiqyaslı Rusiya işğalının ilk aylarında döyüş yoldaşlarını xilas edərkən ayağını itirib.
Tramp hədiyyəni qəbul edib və qolf çubuğu üçün ukraynalı hərbçiyə təşəkkürünü bildirdiyi videomüraciət yazıb. Qeyd olunur ki, Tramp isə öz növbəsində Ukrayna prezidentinə Ağ Evin rəmzi açarlarını hədiyyə edib.
Məlum olduğu kimi, Ukrayna, ABŞ, Avropa Komissiyası, NATO və bir sıra Avropa ölkələrinin liderləri arasında çoxformatlı danışıqlar zamanı Tramp Vladimir Putinə zəng etmək üçün fasilə verib.
Bundan sonra Tramp bəyan edib ki, Ukrayna, Fransa, Finlandiya, İtaliya, Böyük Britaniya, Almaniya, Avropa Komissiyası və NATO baş katibi ilə “çox yaxşı” görüş keçirib. O həmçinin Zelenski və Putinlə üçtərəfli görüşə hazırlıqlara başladığını bildirib.





