FIFA Meksikada son günlər kəskinləşən təhlükəsizlik böhranı fonunda Dünya Çempionatı–2026-nın bu ölkədə keçirilməsi nəzərdə tutulan qarşılaşmalarını başqa məkana dəyişmək ehtimalını nəzərdən keçirir.
Qurum vəziyyət stabilləşməzsə, həm mundial oyunlarının, həm də qitələrarası pley-off matçlarının ABŞ və ya Kanadaya köçürülə biləcəyini istisna etmir.
Kartel liderinin məhvindən sonra ölkədə gərginlik artır
“The Athletic”in məlumatına görə, 22 fevralda Meksikanın xüsusi xidmət orqanları “Xalisko Yeni Nəsil” kartelinin “El Menço” ləqəbli rəhbəri Ruben Nemesio Oseqera Servantesi zərərsizləşdirdikdən sonra ölkənin müxtəlif bölgələrində kütləvi iğtişaşlar və silahlı toqquşmalar baş qaldırıb.
Cinayətkar qrupların hücumları nəticəsində bir neçə şəhərdə fövqəladə vəziyyət yaranıb və artıq Meksika çempionatında bəzi matçlar təhlükəsizlik səbəbi ilə təxirə salınıb. Bu isə DÇ-2026 üçün nəzərdə tutulan oyunların da risk altında olduğunu göstərir.
Qvadalaxara və Monterreydəki matçlar təhlükədə
FIFA rəsmiləri bildiriblər ki, mart ayında Qvadalaxara və Monterreydə keçirilməsi planlaşdırılan qitələrarası pley-off oyunlarının məkanı təhlükəsizlik zəmanəti verilmədiyi təqdirdə dəyişdirilə bilər. Yekun qərarın yaxın günlərdə vəziyyətin dinamikasına əsasən verilməsi gözlənilir.
Dünya çempionatının açılış oyunu da daxil olmaqla, Meksikada ümumilikdə 13 matçın keçirilməsi planlaşdırılırdı. Lakin FIFA bildirir ki, təhlükəsizlik riskləri qalarsa, oyunların köçürülməsi “son, lakin mümkün addım” kimi masada qalır.
Qeyd edək ki, DÇ-2026 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyində keçirilməlidir.





