Yay aylarında havanın temperaturunun yüksəlməsi yalnız insanların sağlamlığına deyil, ev şəraitində saxlanılan dərmanların keyfiyyətinə də təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün temperaturda saxlanılmayan bəzi preparatlar təsir gücünü itirə, kimyəvi tərkibi dəyişə və istifadə zamanı sağlamlıq üçün risk yarada bilər. Xüsusilə insulin, bioloji preparatlar və bəzi onkoloji dərmanlar yüksək temperatura qarşı həssasdır və istehsalçının göstərdiyi saxlama qaydalarına ciddi əməl edilməlidir.
Mövzu ilə bağlı danışan tibb eksperti Rasif Bağırov bildirib ki, dərmanların saxlanma şəraiti onların tərkibindən asılı olaraq dəyişir və hər preparatın təlimatında göstərilən temperatur rejimi qorunmalıdır.
Hansı dərmanlar istiyə daha həssasdır?
Ekspertin sözlərinə görə, bəzi preparatlar otaq temperaturunda saxlanılsa da, digərləri mütləq soyuq mühit tələb edir.
“Xüsusilə onkoloji preparatlar, insulin və zülal tərkibli bəzi dərmanlar yalnız soyuducu şəraitində saxlanmalıdır. Yüksək temperatur zülalın strukturunu dəyişə və preparatı təsirsiz hala gətirə bilər. Otaq temperaturunda saxlanmalı olan dərmanlar da 20–25 dərəcədən yüksək istilikdə qalmamalıdır. Uyğun olmayan temperatur dərmanın keyfiyyətinə mənfi təsir göstərir”, – deyə Rasif Bağırov bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı və digər səhiyyə qurumları da bildirirlər ki, yüksək istilik və birbaşa günəş şüaları bəzi dərmanların təsirini azalda bilər. Bu səbəbdən preparatlar avtomobildə, pəncərə önündə və ya günəş altında saxlanılmamalıdır.
Dərmanın xarab olduğunu necə anlamaq olar?
Ekspert qeyd edib ki, preparatın görünüşündə baş verən dəyişikliklər onun istifadəyə yararsız olduğunu göstərə bilər.
“Əgər dərmanın rəngi dəyişibsə, ampulanın dibində çöküntü yaranıbsa və ya məhlul əvvəlki şəffaflığını itiribsə, həmin preparatdan istifadə etmək olmaz. Vətəndaşlar dərmanın xarici görünüşündə hər hansı fərq hiss etdikdə onu qəbul etməməlidirlər”, – deyə o vurğulayıb.
Rasif Bağırov əlavə edib ki, istifadə müddəti bitmiş dərmanların qəbulu da ciddi fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, həm vaxtı keçmiş, həm də düzgün saxlanılmayan preparatlar xüsusilə qaraciyər və böyrəklərə zərər verə bilər. Buna görə də dərmanların saxlanma şəraitinə və son istifadə tarixinə daim diqqət yetirilməsi vacibdir.





