Milli Məclis mopedlərin istifadəsi və qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutan dəyişikliklər paketini üçüncü oxunuşda qəbul edib. Dəyişikliklər “Yol hərəkəti haqqında” qanunda ötən il qəbul edilmiş yeniliklərin icrasını təmin etmək məqsədi daşıyır və “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yekdilliklə son oxunuşda təsdiqlənib. Yeni qaydalar mopedlərin yol hərəkətində təhlükəsiz iştirakını təmin etmək, bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq və onların hüquqi tənzimlənməsini gücləndirmək məqsədi daşıyır.
Moped sahiblərini hansı dəyişikliklər gözləyir?
Qəbul edilən dəyişikliklərə əsasən, mopedlər müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalı, onlara dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi verilməlidir. Bundan əlavə, bu nəqliyyat vasitələrini idarə etmək üçün sürücülərdən “A1” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.
Uyğunlaşdırma çərçivəsində mopedlər üçün texniki baxışın keçirilməsi, dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, həmçinin dövlət qeydiyyat nişanlarının təqdim olunmasına görə tətbiq ediləcək dövlət rüsumları qüvvədə olan tariflərə uyğun müəyyənləşdirilib. Eyni zamanda qeydiyyatdan keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası da məcburi olacaq.
Qanunvericiliyə əsasən, moped dedikdə kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki ilə işləyən və ya mühərrikinin iş həcmi 50 kubsantimetrdən artıq olmayan, maksimal konstruktiv sürəti saatda 50 kilometrdən çox olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi nəzərdə tutulur. Yeni tələblərlə moped sürücülərinə digər nəqliyyat vasitələrinin sürücüləri üçün qüvvədə olan bir sıra hüquq və öhdəliklər də şamil ediləcək.





