İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının nümayəndə heyəti Türkiyənin Ankara və İstanbul şəhərlərində bir sıra görüşlər keçirərək Azərbaycanın rəqəmsal ticarət imkanlarını genişləndirməyə və e-ticarət sahəsində qabaqcıl təcrübələr əldə etməyə çalışıb. Mərkəzə istinadən verdiyi məlumata görə, səfər zamanı Türkiyə Sənaye və Texnologiya Nazirliyi, “ODTÜ Teknokent” və digər innovativ müəssisələr ziyarət olunub, eləcə də rəqəmsal transformasiya və startapların dəstəklənməsi mövzuları müzakirə edilib.
İstanbulda nümayəndə heyəti İstanbul Sənaye Palatası (İSO), “MEXT Technology Centre” və İstanbul Texniki Universitetinin Texnoparkı “ARI Teknokent” kimi texnoloji mərkəzlərdə olub. “Azexport”un rəhbəri Ayxan Qədəşov bildirib ki, Türkiyə hazırda regionda rəqəmsal transformasiyanın ən inkişaf etmiş nümunələrindəndir. Sənaye 4.0, süni intellekt və avtomatlaşdırma sahələrindəki uğurlar bu ölkənin prioritetlərindən biridir.
“Azexport” portalı da məqsəd qoyub ki, bu təcrübə Azərbaycana gətirilsin və yerli istehsalçılar, ixracatçılar üçün rəqəmsal alətlərdən geniş istifadə olunsun. Görüşlərdə gələcək əməkdaşlıq imkanları da geniş müzakirə edilərək, iki ölkə arasında elektron ticarət, innovasiya və sənaye sahəsində sıx əlaqələr qurulmasına zəmin yaradılıb.
Səfər çərçivəsində rəqəmsal ekosistemin inkişafı, yeni platforma həllərinin tətbiqi və “Azexport”un beynəlxalq əməkdaşlıq imkanlarının artırılması istiqamətində konkret razılaşmalar əldə olunub.





