İranda etirazların növbəti dalğası başlayıb, səhər saatlarından etibarən minlərlə insan Tehranın müxtəlif küçə və meydanlarında toplaşıb.
Aksiyalar əsasən yaşayış xərclərinin artması, rialın dəyərinin kəskin düşməsi və siyasi narazılıq fonunda genişlənib. Paytaxtla yanaşı, Məşhəd, İsfahan, Kərmənşah və digər şəhərlərdə də küçələrdə izdiham müşahidə olunur.
İnternet bloklanıb, media susdurulub
NetBlocks və digər monitorinq qrupları ölkə üzrə praktiki olaraq tam internet blokadası tətbiq olunduğunu, beynəlxalq telefon əlaqələrinin də məhdudlaşdırıldığını bildirir. Məlumata görə, aparıcı xəbər agentliklərinin və media orqanlarının saytlarına giriş qeyri-mümkündür, bu da dördüncü hakimiyyətin fəaliyyətini faktiki iflic edib.
Blokada 12-ci etiraz günü axşam saat 20:30 radələrində başlayıb və 12 saatdan çox davam edib. Ekspertlər bunu etirazlarla bağlı məlumat axınını nəzarətdə saxlamaq cəhdi kimi dəyərləndirir.
Yezd, Tehran və digər şəhərlərdə zorakılıq
“Azad İran” platformasının məlumatına görə, Yezd şəhərində etirazçılar bələdiyyə binasına hücum edərək onun bir hissəsini yandırıblar.
Tehranda inzibati binalardan birinə zərər vurulduğu, Firdovsi bulvarında polis avtomobillərinin yaxınlığında yanğınlar baş verdiyi bildirilir. Sosial şəbəkələrdə paylaşılan videolarda paytaxt küçələrində barrikadalar, yandırılmış maşınlar və şüar səsləndirən qruplar görünür.
SEPAH zabitinin ölümü və toqquşmalar
Ölkənin qərbində, əsasən kürd əhalinin yaşadığı bölgələrdə etirazlar daha da sərtləşib. Rəsmi mənbələr İnqilabi Keşikçilər Korpusuna (SEPAH) bağlı bir zabitin etirazçılarla toqquşma zamanı döyülərək öldüyünü təsdiqləyib.
Lorestan vilayətindən verilən açıqlamada həmin zabitin “ictimai asayişi müdafiə edərkən həlak olduğu” qeyd edilib, eyni insidentdə ən azı 13 təhlükəsizlik əməkdaşının yaralandığı bildirilir. Hüquq-müdafiə qrupları ümumi etiraz dalğasında onlarla etirazçının öldürüldüyünü, yüzlərlə insanın həbs olunduğunu bildirir.





