Azərbaycanda enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yüksək enerji sərfiyyatına malik qeyri-yaşayış binalarında enerji idarəetmə sistemi genişləndirilir. Energetika Nazirliyinin məlumatına görə, bu günədək 52 qeyri-yaşayış binasına enerji meneceri təyin olunub.
Bu addım “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun tələblərinin icrası məqsədilə həyata keçirilir və iri enerji istehlakçılarında resurslardan daha rasional istifadənin təmin edilməsinə xidmət edir.
Hansı binalarda enerji meneceri məcburidir?
Qanunun 8.1.2-ci maddəsinə əsasən, aşağıdakı meyarlardan birinə cavab verən qeyri-yaşayış binalarında enerji menecerinin təyin olunması məcburidir:
- tikili sahəsi 10 min kvadratmetr və ya daha çox olan binalar;
- illik enerji istehlakı 250 ton neft ekvivalenti həddini aşan obyektlər.
Enerji menecerləri müəssisələrdə enerji sərfiyyatını davamlı şəkildə izləyir, istehlak göstəricilərini təhlil edir, itkilərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasını koordinasiya edir. Onlar həmçinin enerji səmərəliliyinin artırılması və resurslardan daha qənaətli istifadənin təmin olunmasına nəzarət edirlər.
Enerji idarəetmə sistemi hansı üstünlükləri yaradır?
Energetika Nazirliyinin bildirdiyinə görə, enerji idarəetmə sisteminin tətbiqi müəssisələr üçün bir sıra mühüm üstünlüklər yaradır:
- enerji xərclərinin optimallaşdırılması;
- kommunal ödənişlərin azaldılması;
- enerji itkilərinin minimuma endirilməsi;
- mövcud enerji resurslarından daha səmərəli istifadə;
- müəssisənin enerji siyasətinin effektiv şəkildə həyata keçirilməsi.
Nazirlik bir daha yüksək enerji sərfiyyatına malik qeyri-yaşayış binalarının mülkiyyətçilərini və rəhbərlərini qanunvericiliyin tələblərinə uyğun olaraq enerji meneceri təyin etməyə və ölkədə enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlərdə fəal iştirak etməyə çağırıb.





