EvTexnologiyalarAzərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq: 500 mühəndis hazırlanacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq: 500 mühəndis hazırlanacaq

Azərbaycanda süni intellekt sahəsində kadr hazırlığını gücləndirmək və milli texnoloji imkanları genişləndirmək məqsədilə Süni İntellekt Akademiyasının yaradılması planlaşdırılır. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai dinləməsində komissiyanın sədri Ramid Namazov bildirib ki, layihə çərçivəsində 500 süni intellekt mühəndisinin hazırlanması və 3 min nəfərlik peşəkar AI icmasının formalaşdırılması hədəflənir. Bu təşəbbüs Prezident tərəfindən təsdiqlənmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində həyata keçiriləcək.

Deputatın sözlərinə görə, 2028-ci ilin sonunadək Azərbaycan dili üçün Böyük Dil Modellərinin (LLM) hazırlanması da əsas prioritetlərdən biridir. O qeyd edib:

“Hazırda dünyada istifadə olunan böyük dil modellərinin əksəriyyəti ingilis və digər dominant dillər əsasında öyrədilib. Bu isə Azərbaycan dilində keyfiyyətli süni intellekt həllərinin inkişafını məhdudlaşdırır. Milli dil modelinin yaradılması mədəni və linqvistik suverenliyimizin möhkəmlənməsinə xidmət edəcək”.

Strategiyanın əsas prioritetləri

Ramid Namazov bildirib ki, dövlətin Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir:

  • süni intellektin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi;
  • məlumatların idarə olunması və hesablama infrastrukturunun inkişafı;
  • peşəkar kadr potensialının gücləndirilməsi;
  • ictimai maarifləndirmə və etik prinsiplərin təşviqi.

Onun sözlərinə görə, strategiyada vətəndaşların yalnız süni intellektin imkanları deyil, həm də riskləri barədə məlumatlandırılması xüsusi prioritet kimi müəyyən edilib. Eyni zamanda etik normaların qorunması və təhlükəsiz istifadənin təmin olunması dövlət siyasətinin vacib istiqamətlərindən hesab olunur.

Akademiyanın beynəlxalq standartlara uyğun tədris proqramları əsasında fəaliyyət göstərəcəyi, Azərbaycanın süni intellekt ekosisteminin inkişafına və yerli mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcəyi gözlənilir. Strategiya milli texnoloji suverenliyi gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarının da genişləndirilməsini nəzərdə tutur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər