UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb. Məlumata görə, satış bu gün saat 15:00-da başlayıb və biletləri yalnız iTicket.az-ın rəsmi saytından və mobil tətbiqindən əldə etmək mümkündür.
Biletlərin qiymətləri müxtəlif kateqoriyalar üzrə dəyişir: adi biletlər 10 manatdan başlayıb, 15, 25, 35, 40, 50 və 75 manatadək yüksəlir. VIP sektorlarında qiymətlər 200, 250, 300 və 400 manat olaraq müəyyənləşib. Ən bahalı VVIP biletlər isə 1000 manatdır.
Qeyd edək ki, bu mühüm matç dekabrın 10-u saat 21:45-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” üçün bu oyun növbəti mərhələyə yüksəlmək baxımından böyük əhəmiyyət daşıyır və futbolsevərlərdən böyük maraq gözlənilir.





