Sietldə baş tutan qarşılaşmada Belçika millisi ilk dəqiqələrdən təşəbbüsü ələ aldı və bunun bəhrəsini erkən gördü. Oyunun 9-cu dəqiqəsində Şarl de Ketelare hesabı açdı. ABŞ 31-ci dəqiqədə Malik Tillmanın cərimə zərbəsi ilə tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci uzun çəkmədi. Cəmi iki dəqiqə sonra De Ketelare ikinci qolunu vuraraq komandasını yenidən önə çıxardı.
Fasilədən sonra Belçika üstünlüyünü daha da möhkəmləndirdi. 57-ci dəqiqədə Hans Vanaken fərqləndi, matçın əlavə olunmuş vaxtında isə Romelu Lukaku yekun hesabı müəyyənləşdirdi – 4:1.
Bu nəticədən sonra Belçika millisi dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazandı.
İspaniya son anda qalib gəldi, Ronaldo son mundial oyununu keçirdi

Arlinqtondakı AT&T Stadiumunda keçirilən Pireney derbisində azarkeşlər uzun müddət qol görmədilər. Hər iki komanda ehtiyatlı futbol nümayiş etdirdiyindən əsas vaxtın sonunadək hesab açılmamış qaldı.
Həlledici an 90+1-ci dəqiqədə yaşandı. Ehtiyat oyunçular skamyasından meydana daxil olan Mikel Merino dəqiq zərbə ilə İspaniyaya minimal hesablı qələbə qazandırdı və komandasını dörddəbir finala çıxardı.
Bu qarşılaşma Kriştianu Ronaldo üçün də xüsusi əhəmiyyət daşıdı. 41 yaşlı hücumçu karyerasında altıncı dəfə dünya çempionatında çıxış etdi və bunun onun mundiallardakı son oyunu olduğu rəsmən təsdiqləndi. Portuqaliya yığması turnirlə vidalaşarkən, İspaniya növbəti mərhələdə Belçika ilə üz-üzə gələcək.





