Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Lənkəran və Yevlax rayonlarında keçirdikləri xüsusi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən üç nəfəri saxlayıblar. Əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop tərkibli preparatlar qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslərdən 76 kiloqram narkotik götürülüb
İlkin araşdırmalar zamanı əvvəllər narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənovun saxlanıldığı bildirilib.
Onların üzərinə və istifadə etdikləri yerlərə baxış keçirilərkən ümumilikdə 76 kiloqram psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, həmçinin 2 000 ədəd metadon həbi aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaqın ilkin nəticələrinə əsasən, saxlanılan şəxslərin xarici ölkələrdə fəaliyyət göstərən narkotik alverçilərinin göstərişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələrin ölkə daxilində qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, toplanmış materiallar üzrə istintaq davam etdirilir. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.





