Yay mövsümündə səyahət və istirahət zamanı qida və su seçimi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Həkimlər bildirirlər ki, gigiyena qaydalarına əməl edilməməsi və riskli qidaların istehlakı istirahəti xoş xatirələr əvəzinə sağlamlıq problemi ilə əvəz edə bilər.
Mütəxəssislər xüsusilə mənşəyi məlum olmayan bulaq sularının içilməsindən çəkinməyi tövsiyə edirlər. Bu cür suyun tərkibi və mikrobioloji təhlükəsizliyi hər zaman məlum olmur.
Hansı qidalardan uzaq durmaq lazımdır?
Həkimlərin tövsiyəsinə görə, yay istirahəti zamanı aşağıdakı məhsullara qarşı diqqətli olmaq lazımdır:
- Küçədə satılan və gigiyenik şəraiti şübhə doğuran hazır qidalar;
- Günəş altında uzun müddət qalmış və ya soyumuş yeməklər;
- Ev şəraitində hazırlanmış kompot və şirələr, eləcə də istidə saxlanılan qazlı içkilər;
- Əvvəlcədən doğranmış salatlar və meyvə-tərəvəz məhsulları;
- Üzəri açıq qalan və həşəratların təmas etdiyi qidalar.
Beynəlxalq səhiyyə qurumları da səyahət zamanı yalnız təhlükəsiz içməli sudan istifadə etməyi, meyvə və tərəvəzləri yaxşı yumağı, küçə qidalarına ehtiyatla yanaşmağı tövsiyə edir. Çirklənmiş qida və su səyahət ishalı, hepatit A və digər infeksiyalara səbəb ola bilər.
Bulaq suyu niyə risk yarada bilər?
Mütəxəssislərin sözlərinə görə, yerli əhali müəyyən su mənbələrinə uyğunlaşmış ola bilər. Lakin həmin su yeni gələn insanlar üçün bağırsaq pozğunluqları və digər narahatlıqlara səbəb ola bilər. Buna görə də istirahət zamanı qapağı açılmamış butulka sularına üstünlük vermək daha təhlükəsiz hesab edilir.
Həkimlər həmçinin yeməklərin təzə hazırlanmış halda istehlak edilməsini, meyvə və tərəvəzin axar su ilə yaxşı yuyulmasını, doğrandıqdan dərhal sonra yeyilməsini tövsiyə edirlər. Dənizdən və ya çimərlikdən qayıtdıqdan sonra əllərin sabunla yuyulması və lazım gəldikdə dezinfeksiyaedici vasitələrdən istifadə olunması da infeksiya riskini azaltmağa kömək edir.





